Tacikistan İrandan üz döndərdi - GƏRGİNLİK


18:56     12 Yanvar 2016 a7c426514dd078080710acc323f6af51.jpg


Femida.az xəbər verir ki, Tacikistan hökuməti bundan sonra İrana tələbə göndərməyəcək. Bunu Tacikistanın mədəniyyət və elm naziri Nurəddin Səidov yanvarın 11-də jurnalistlərlə görüşündə açıqlayıb.


Nurəddin Səidovun bu açıqlaması Tacikistan prezidentinin Səudiyyə Ərəbistanına rəsmi səfərindən və iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi barədə danışıqlar aparılmasından bir neçə gün sonraya təsadüf edib.

Nurəddin Səidov deyib ki, Tacikistan hökuməti bir sıra təhlükəsizlik mülahizələrə görə İran İslam Respublikasına tələbə göndərməyi dayandırır: “Tacikistan öz övladlarını min bir əziyyətlə ona görə böyüdüb boya-başa çatdırmır ki, onlar gedib radikal və ifratçı qruplara qoşularaq kökləri kəsilsin”.

İranın Tacikistanla qarşılıqlı tələbə mübadiləsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini və qanun pozuntusuna yol verdiyini vurğulayan Nurəddin Səidov bildirib ki, Tacikistan hökuməti öz vətəndaşlarının təhlükəsizliyini qorumaq məqsədilə belə bir qərara gəlib.

Xatırladaq ki, Tacikistan hökuməti iki həftə əvvəl İranın dini lideri Əli Xamneyinin Tehranda Tacikistanın sürgündə yaşayan müxalif radikal islamçı lideri Muhiyyəddin Kəbiri ilə görüşünə kəskin etiraz bildirmişdi.

Xamneyi, Tacikistanda fəaliyyətinə qadağa qoyulmuş radikal İslam Hərəkatı Partiyasının sürgündə yaşayan lideri Muhiyyəddin Kəbiri ilə 2015-ci il dekabrın 29-da ölkə rəsmiləri qarşısında çıxışından sonra görüşüb və onunla bir neçə dəqiqəliyə söhbət aparıb. Muhiyyəddin Kəbiri həmin görüşdən bir neçə gün əvvəl, Tehranda keçirilmiş Beynəlxalq İslam Birliyi Konfransına qatılmaq üçün İranın rəsmi dəvəti ilə bu ölkəyə səfər etmişdi. Həmin Konfransa Tacikistan hökumətinin bir sıra rəsmiləri də qatılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2210