Qəzaya düşənlərin tibbi xərclərini kim ödəyir? – Hüquqi cavab


16:04     22 Yanvar 2016 tibbi%20yardim.jpg


Yol qəzası zamanı xəsarət almış sərnişin, sürücü, və yaxud da piyadaların həkim xərclərinin kimin tərəfindən qarşılanmalı olduğu hələ qaranlıq qalan məqamlardandır. Bəziləri belə düşünür ki, qəzanı törətməkdə təqsirli bilinən sürücü xəsarət alanların bütün xərclərini qarşılamalıdır. Lakin nəzərə almaq lazımdır ki, kimin təqsirli olub-olmaması məhkəmənin qərarı ilə müəyyən olunur. Bu isə müəyyən müddət tələb edir. Demək ki, yol qəzası zamanı ağır yaralanan şəxslərə dərhal tibbi yardımın göstərilməsi və tibbi xərclərin qarşılanması başqa formada həyata keçirilir…

Bəs necə…?

Hüquqşünas Ərşad Hüseynov Femida.az-a açıqlamasında bildirdi ki, dövlət xəstəxanaları qəza zamanı xəsarət almış şəxsin bütün tibbi xərcləri ödəməlidir:



“Azərbaycan qanunvericiliyinə əsasən, əhaliyə göstərilən tibbi xidmət pulsuzdur. Yəni yol qəzası nəticəsində xəsarət alanlar dövlət tibb müəssisələrində yerləşdirilməlidir. Səhiyyə Nazirliyinin də təsdiq etdiyi bir siyahı var. Hansı yol-nəqliyyat hadisələrinə hansı tibb müəssisələri təhkim olunubsa, həmin siyahıda yer alıb. Hansısa rayon xəstəxanasında xəsarət alan şəxs üçün ixtisaslı həkim yoxdursa, o, Bakıya gətirilir və bütün xərclər xəstəxana tərəfindən qarşılanır. İstənilən halda dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur. Xəsarət alanların tibbi xərcləri dövlət xəstəxanaları tərəfindən qarşılanır”.



Hüquqşünas vurğuladı ki, zərərçəkmiş şəxs müalicə üçün özəl klinikaya, və yaxud da xarici ölkələrə müraciət edə bilər. Bu halda isə bütün xərclər təqsirləndirilən şəxslər tərəfindən ödənilir:

“Lakin bu məqamda da seçim şəxsin hüququ var. Xəsarət alan şəxs özəl klinikaya müraciət etmək hüququna sahibdir. Belə olan halda təqsirləndirilən şəxs(lər) həmin şəxsin tibbi xərclərini qarşılamalıdır. Xəsarət almış şəxs xaricdə, və yaxud da özəl klinikalarda müalicə olunmaq üçün bütün tibbi xərcləri təqsirləndirilən şəxs(lər)dən tələb edə bilər. Təqsirləndirilən şəxs(lər) tərəfindən tibbi xərclər qarşılanmadıqda xəsarət almış şəxsin məhkəməyə müraciət etmək hüququ da var. Məhkəmə isə tibbi xərclərin təqsirləndirilən şəxs tərəfindən ödənilməsi ilə bağlı qərar çıxarır. Bu zaman şəxsə aid olan səhmlər, avtomobil və ya hər hansı əmlak icra qaydasında hərraca çıxarılaraq satıla bilər. Bunların heç birisi təqsirləndirilən şəxsdə yoxdursa, onu aylıq əmək haqqısınını bir hissəsi tutularaq tələbkara verilir”.

Ərşad Hüseynov sonda onu da bildirdi ki, icbari tibbi siğorta haqqında qanuna görə xəsarət almış şəxslərə xəsarətin dərəcəsinə müvafiq olaraq konpensasiya ödənilməlidir.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1593