“Əli və Nino”-ya hüquqşünaslardan şok münasibət


17:32     03 İyun 2015 nigsr.jpg

SƏNƏD - Doğrudanmı, Azərbaycanda kitab çapı və satışı o qədər gəlirli işə çevrilib ki, onu monopoliyaya almaq istəyənlər var?


“Əli və Nino”nun Qan Turalın yeni çap edilmiş “9 hekayə” kitabını satmaqdan imtina etməsi ədəbi ictimaiyyətdə sərt reaksiyalara səbəb olub. Səbəb kimi isə “Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli bildirib ki, həmin kitabın “Qanun” nəşriyyat evində nəşr olunmamasıdır.

Femida.az mövzu ilə bağlı dolğun məlumat əldə etmək üçün yazıçı Qan Tural ilə əlaqə saxlayıb:

“ XIV əsrdə Əmir Teymura, XX əsrdə Stalinə qarşı dirənən Azərbaycan ədəbiyyatı indi də “Əli və Nino” kitab mağazaları şəbəkəsi ilə mübarizə aparır.” – deyən Qan Tural aşağıdakı fikirləri söylədi:

” Dövrümüzdə kitaba qarşı olan bu çirkin münasibət həqiqətən də yolverilməz bir haldır. Amma hazırkı dövrümüzdə təkcə mənə qarşı yox, bütövlükdə azərbaycan yazıçılarına qarşı bu cür münasibət mövcuddur. Bütün bunların arxasında isə mağaza rəhbərliyinin pul hərisliyi, daha çox pul qazanmaq istəyi dayanır. Bu qazancın arxa fonunda isə Azərbaycan ədəbiyyatı çox ağır vəziyyətə düçar olur. Qəribədir ki, XIV əsrdə Əmir Teymurun hücumlarına qarşı, XX əsrdə Stalinə qarşı dirənən Azərbaycan ədəbiyyatı indi də “Əli və Nino” kitab mağazaları şəbəkəsi ilə mübarizə aparır. Amma vaxtilə ədəbiyyatımız böyük sərkərdələrə necə qalib gəldisə, indi də inanırıq ki, bu böyük ictimai qınaq qarşısında “Əli və Nino” da öz layiqli yerinə oturdurulacaq.”

“Azərbaycan qanunvericiliyinə əsasən bu kimi hallara qarşı cəza tətbiqi müəyyən edilib” – deyə Qan Tural münasibət bildirdi.



Qan Tural:

Bilirsiniz ki, Azərbaycan Respublikasında inhisarçılıqla bağlı qanun mövcuddur. Bu qanuna nəzarəti dövlət özü həyata keçirir. Qanuna əsasən hər hansı bir şirkət bazarın 35 % faizinə nəzarət edirsə, həmin şirkət faktiki olaraq monopolist şirkət adlanır və həmin şirkətə qarşı cəza tətbiq edilir. Göründüyü kimi bu proses həm mənəvi,, həm hüquqi, həm də əxlaqi baxımdan cinayətdir..”

Şəhriyar Del Gerani:



"Bir yoldaş zəng eləyib ki, " Nigar Köçərli müsahibədə deyib, bir şair bizə kitab verib getdi hərbi xidmətə, bir il ərzində cəmi 5 kitab satıldı, səni nəzərdə tutur,". O yoldaşa cavab verdim ki, Nigar xanım o qədər də piyada birisi deyil, yanlış anlamısan, məni deməz. Bu ölkədə hərbi xidmətə gedən yeganə şair, yazıçı mən deyiləm. Sonra da gülüb sağollaşdım.. Mən sizə "nakladnoy"u təqdim edirəm. "İntihar hörüyü" romanı cəmi 3 ay Əli və Nino mağazalar şəbəkəsinin cəmi 2 satış nöqtəsində satışda olub. Və üç ayda 371 ədəd satılıb. Daha sonra məlum anbara verilib və mənim əsgərlikdən qayıtmağımı səbrsizliklə gözləyiblər. O roman xeyli reaksiya doğurdu, MKM-də qalib oldu və xeyli satıldı. Mükafat qarışıq 3000 manatdan çox qazanc gətirdi. Çox istəyərdim başqa müəlliflər də bu cür reaksiya alsın oxucular tərəfindən. Yeni çapdan çıxmış "Darıxmağın adı" kitabı isə imza günü və ertəsi gün ərzində 200-dən çox satıldı. Qiyməti də "Əli və Nino"ya etiraz edənlərin kitablarından 2-3 dəfə baha qiymətə. Yayımlandığı 17 gündür, 5000-ə qədər qazanc götürmüşəm. Və qarşıdakı günlərdə də imza günləri planlayırıq. İndi, xülyalar yox, faktlar dövrüdür. İstəyərdim dostlar xəyalpərəstliyi buraxıb konkret oxucularından danışsınlar.Dediyim bu. Ki, kitabı almaq istəyən necə olsa tapıb alır. Belə bayağı söhbətlərə getməyin adı yoxdu. Nigar xanım dükanında hansı müəllifi görmək istəmirsə, bu onun tam şəxsi işidi. Satdırmır, yaxşı eləyir. Belə bir öhdəliyi də yoxdu. gülməli burasıdır ki, dörd nəfər oxucusu olmayanlar da küyə düşüb etiraza qoşulurlar. Bu nə anekdotdu? Belə olmaz axı. Sən nə vaxt ciddi ədəbiyyat yaratdın, 5-10 oxucun oldu ki, indi də Nigar Köçərliyə etiraz edirsən? Ən dəhşətlisi isə başqadı. Əsl etiraz edilməli olanlar qalıb bir kənarda, yapışıblar bir xanımın belə pis çıxmasın, yaxasından. Bu ölkədə bir şairin, bir yazızıçının, bir jurnalistin etiraz edəcəyi ən sonuncü adamdı Nigar Köçərli. Mənim tənqid hədəflərimin arasında ümumiyyətlə belə bir ism yoxdur



Femida.az məsələyə hüquqi aspektdən yanaşmaq üçün hüquqşünas Ruslan Vəliyevin mövqeyini öyrəndi.

Ruslan Vəliyevin sözlərinə görə bu addımı atdığına görə “Əli və Nino” mağazalar rəhbərliyini monopolist adlandıra bilmərik.

Ruslan Vəliyev:

“Əslində bu məsələdə biz monopoliyadan danışa bilmərik. Burada müəssisə rəhbərinin ayrı-seçkiliyindən söhbət açıla bilər. Buna monopoliya deməzdim. Bilirsiniz, “Əli və Nino” kitab mağazaları şəbəkəsi özəl bir qurum kimi fəaliyyət göstərir və onun da təssisçisi, rəhbərliyi var. O mağazanın fəaliyyəti bazar iqtisadiyyatı ilə tənzimlənir. Şəxsi biznes obyekti olaraq mağaza rəhbərliyi hansı kitabı satıb-satmayacağını özü müəyyən edir. Şəhriyar del Geraninin “İntihar hörüyü”, və ya Qanturalın “9 hekayə” kitabını həmin mağazada məcburi surətdə satışa qoya bilmərik. Burada biznes maraqları var. Hansısa sahibkara yaxınlaşıb məcburən bu malı sat deyə bilmərik. Sahibkarlıq fəaliyyətinə dövlət müdaxilə edə bilmir və bu fəaliyyət bazar iqtisadiyyatı ilə tənzimlənir. Bu baxımdan “Əli və Nino” mağazalar şəbəkəsinə dövlət müdaxilə edə bilməz. Əyər o mağaza dövlət idarəsi olsaydı biz monopoliyadan danışa bilərdik. Bu məqamda “Əli və Nino” mağazalar şəbəkəsinin rəhbərliyini monopolist adlandıra bilmərik.”

“Burada dövlət monopoliyasından söhbət belə gedə bilməz.” – deyən hüquqşünas Loğman Abdullayev aşağıdakı fikirləri söylədi:

“Əslində bu “Əli və Nino” kitab evinin bu sahədə qeyri-peşəkar olmasının göstəricisidir. “Əli və Nino“ mağazalar şəbəkəsi yalnız istədiyi məhsulları sataraq böyük uğur qazana bilməz. Burada dövlət monopoliyasından söhbət belə gedə bilməz. Bu faktiki olaraq şəxsi biznes fəaliyyətidir və dövlət özəl sektora müdaxilə edə bilmədiyi kimi, “Əli və Nino” kitab mağazalar şəbəkəsinə də müdaxilə edə bilməz.”

“Bu sasahibkarlıq fəaliyyətidir və bu fəaliyyət dövlət müdaxiləsindən tamamilə azaddır.” – deyə hüquqşünas Anar Qasımlı münasibət bildirdi.

Anar Qasımlı:

“Burada məqsəd qazanc əldə etməkdir. “Əli və Nino” kitab evi özəl bir müəssisədir. Yəni bu mağaza istədiyi məhsulu satmaqda sərbəstdir və istədiyi müəllifi seçmək, istədiyi nəşriyyatın məhsullarından istifadə etməkdə tamamilə azaddır. Bunu kitab monopoliyası ilə əlaqələndirmək olmaz. “Əli və Nino” kitab evi istədiyi mətbəə ilə müqavilə bağlaya və onun məhsullarını sata bilər. Onlar tamamilə sərbəstdirlər. Bu sahibkarlıq fəaliyyətidir və bu fəaliyyət dövlət müdaxiləsindən tamamilə azaddır.“


Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1862