Mülki polis sisteminə keçirik?


19:58     04 Mart 2016 mulki%20polissss.jpg

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb.


Bu fərmanla qanunçuluğun və hüquq qaydasının qorunmasında vətəndaşların geniş iştirakının təmin edilməsi, polis orqanlarına ictimai dəstəyin təşviqi, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiq edilib.

Belə bir sual ortaya çıxır:

Digər ölkələrdə olduğu kimi Azərbaycanda da mülki geyimli polislər fəaliyyət göstərəcək?

Sualı kriminalist Şəmsəddin Əliyevə ünvanladıq.

Kriminalist hesab edir ki, cəmiyyətin ictimai asayişin təmin olunmasında iştirakı bağlı cinayətlərin üstünün daha tez açılmasına səbəb ola bilər:

“Bu işə bələd olan bir şəxs kimi bildirirəm ki, dünyanın inkişaf etmiş ölkələrində ictimai asayişin təmin olunması üçün mülki geyimli şəxslərdən kifayət qədər geniş istifadə olunur. Söhbət cinayətkarlıqla mübarizədə cəmiyyətin dəstəyindən gedir. Ölkəmizdə il ərzində 20 mindən artıq cinayət faktı qeydə alınır ki, bu cinayətlərin çox cüzi hissəsinin üstü açılmamış qalır. Fikrimcə, cəmiyyətin asayişin qorunmasında iştirakı ilə bu problem aradan qaldırıla bilər. Vətəndaşların cinayətkarlıqla mübarizədə dövlətin yanında olması çox mühüm haldır və deyərdim ki, bu vətəndaşlıq borcudur. Həm də gələcəkdə polis sisteminə qəbul edilmək üçün fiziki baxımdan güclü, peşəkar, öz işini bilən kadrlar yetişər. Bu baxımdan fikrimcə, ölkə prezidentinin imzaladığı fərman vaxtında atılmış addımdır”.

Şəmsəddin Əliyev bildirdi ki, prezidentin qəbul etdiyi qərar mülki geyimli polislərə keçid istiqamətində atılmış bir addım kimi qiymətləndirilə bilər:

“Böyük Britaniyada Daxili İşlər Nazirliyinin nəzdində mülki geyimli polislər fəaliyyət göstərir. Onlar da faktiki olaraq polisdir və qanuni formada polis vəsiqəsinə sahibdirlər. Yeganə fərq onların mülki geyimdə olmalarıdır. Azərbaycan prezidentinin verdiyi fərmanda göstərilir ki, asayişin qorunmasına cəlb olunmuş mülki şəxslər polisin vəzifə səlahiyyətlərini icra edə bilməzlər. Yəni həmin şəxsləri biz mülki geyimli polis adlandıra bilmərik. Lakin bütövlükdə prezidentin verdiyi bu qərarı mülki geyimli polislərə keçid istiqamətində atılmış bir addım kimi qiymətləndirə bilərik”.

Kriminalist sonda qeyd etdi ki, Azərbaycan polisi peşəkarlığına və dözümlülüyünə görə dünyada öncül sıralarda yer alır:

“Bir müddət əvvəl ATƏT-in “Cəmiyyətin dəstəklədiyi polis” adlı layihəsi oldu. Layihədə iştirak etmək üçün dünyanın bir çox ölkələrindən polis şefləri və mütəxəssislər Azərbaycana gəlmişdi. Mən də həmin layihədə iştirak etdim. Çox maraqlı bir mənzərə yaranmışdı. Mənə bəlli oldu ki, həm peşəkarlıq, həm də dözümlülük baxımından Azərbaycan polisi dünya ölkələri arasında öncül yerlərdə qararlaşıb”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 9881