Mülki aviasiya işçilərinin peşə bayramıdır


01:39     03 İyun 2016 aireport.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 2-si mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Məhz 1938-ci il iyunun 2-də Azərbaycanda mülki aviasiyanın təməlini qoymuş ilk aviasiya qrupunun yaradıldığı gündür.

Azərbaycan mülki aviasiyasının tarixini bir neçə mərhələyə bölmək olar. İlk mərhələdə Bakıdan Moskva, Xarkov, Tbilisi, Həştərxan şəhərlərinə hava xətləri açılıb, sərnişinlərin və poçtun təyyarə ilə daşınmasının təməli qoyulub.

Böyük Vətən müharibəsi dövründə bir çox sahələr kimi, mülki aviasiya sahəsi də “Hər şey cəbhə üçün!” şüarı altında fəaliyyət göstərib. Müharibədən sonrakı illərdə mülki aviasiya yeni mərhələyə qədəm qoyub. Belə ki, “İL-14”, “İL-18” sərnişin təyyarələri, xüsusi təyinatlı aviasiya üçün “An-2” təyyarələri, “Mi-1” və “Mi-4” vertolyotları istismara daxil olub. Bu dövr 1970-ci illərə qədər davam edib.

1970-1980-ci illər ölkədaxili hava xətlərinin inkişaf mərhələsi olub. Məhz bu dövrdə Gəncə, Yevlax, Naftalan, Naxçıvan, Zaqatala, Lənkəran, Ağdam, Ağstafa və Şəki şəhərlərində aeroportlar tikilib, paytaxt Bakı ilə bu şəhərlər arasında hava əlaqəsi yaradılıb.

XX əsrin 90-cı illərinin əvvəllərində milli müstəqilliyini bərpa etmiş Azərbaycanın mülki aviasiyasında, onun inkişafında yaranmış boşluq ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb.

Ulu öndərin imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlar aviasiya tarixində yeni mərhələ açıb, onun yeni sürətli inkişaf dövrü başlanıb. Mülki aviasiyaya böyük investisiyalar qoyulub və bunun nəticəsində müasir tələblərə cavab verən yeni təyyarələr, texniki avadanlıq alınaraq respublikaya gətirilib.

Avropa ilə Asiya arasında hava nəqliyyatında mühüm məntəqələrdən olan Bakıda müasir beynəlxalq aerovağzal kompleksi də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və fövqəladə səyləri nəticəsində 1999-cu ildə öz qapılarını dünyaya açıb.

Peşəkar milli kadrlara olan tələbat nəzərə alınaraq, 1992-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyası yaradılıb, yerli kadrların yetişməsində onun əvəzsiz rolu var.

Mülki aviasiyanın yenidən qurulması layihələri üzrə Naxçıvan beynəlxalq hava limanı, Zabrat hava limanında yeni aerovağzal binası, Qəbələ, Lənkəran, Zaqatala hava limanları, Gəncə beynəlxalq hava limanı tikilib başa çatdırılıb və sərnişinlərin istifadəsinə verilib.

“Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir.

Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.

2015-ci ilin iyun ayında Böyük Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən taninmış konsaltinq şirkəti “Skytrax” AZAL-ı nüfuzlu “4 Ulduz” reytinqinə layiq görüb. Bundan əlavə, Azərbaycan milli daşıyıcısının “Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti” adlı qlobal kateqoriyada “Skytrax” agentliyi tərəfindən təsis olunan “World Airline Awards” mükafatına namizədliyi verilib və şirkət fəxri ikinci yeri tutub.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Aeroportunda (hava limanı 2014-cü ilin dekabrında "4 Ulduz" reytinqinə layiq görülüb) yerləşir.

Heydər Əliyev Beynəlxalq Aeroportu inqilabi müasirləşdirilmə nəticəsində postsovet məkanında və Şərqi Avropa ölkələrində bir nömrəli aeroport hesab olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1513