Arzu Rəhimov vətəndaşlarla görüşüb


20:22     17 Mart 2016 arzu%20rehimov9.JPG

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Bərdə rayonunda Ucar, Ağdaş, Göyçay, Yevlax, Tərtər, Zərdab və Bərdə rayonlarının sakinlərini qəbul edib.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Femida.az-a verilən məlumata görə, qəbula 50-dək vətəndaş qatılıb. Vətəndaşların müraciətləri daha çox xidmətin aidiyyəti şöbə və bölmələrində işə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul, veteran adı alma, şəhid statusunun verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılacaq övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Vətəndaşların xidmətin fəaliyyət sahəsinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Açar sözlər:

Oxunub: 1239