Masazırda qanunsuz kolbasa sexi aşkarlandı


21:01     06 Aprel 2016 masazir.JPG

Aprelin 5-də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən obyektdə baytarlıq nəzarəti həyata keçirib.


DBNX-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, həyata keçirilmiş nəzarəti tədbir zamanı Masazır kəndinin "Quşçuluq" yaşayış massivinin yaxınlığında yerləşən fiziki şəxs Sahib Böyükağa oğlu Şirinova məxsus kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında mənşəyi məlum olmayan, qida üçün yararlığı və orqanoleptik göstəriciləri şübhə doğuran, polietilen torbalarda sümüksüz heyvan ətləri, gigiyenik olmayan plastik vannalarda farş və müxtəlif toyuq əti məhsulları aşkar olunub.

Aşkar edilmiş heyvan ətlərinin, farşın və toyuq ətlərinin mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq sənədləri (baytarlıq şəhadətnaməsi forma 2 , baytarlıq arayışı) olmayıb.

Bildirilir ki, 1000 kq-a yaxın sümüksüz ətin, farşın və toyuq məhsullarının qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə baytarlıq qanunvericiliyinə uyğun onlardan nümunələr götürülərək bakterioloji, biokimyəvi müayinələr üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1587