Siyasi elitadan ABŞ-a toplu etiraz


21:41     27 İyun 2015 us.jpg

ABŞ Dövlət Departamenti iyunun 25-də açıqladığı hesabatda Azərbaycanı insan haqları pozuntularına görə "İslam Dövləti" yaraqlıları ilə müqayisə edərək ölkəmizi sərt tənqid edib.


Məsələ ilə bağlı AzVision.az-a danışan siyasi ekspertlər ümumilikdə hesabatın Azərbaycana aid hissəsini ölkəmizə qarşı qərəzli münasibətin göstəricisi hesab etdilər.

Hər il ABŞ Dövlət Departamentinin buna bənzər hesabatının hazırlandığını xatırladan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hesab edir ki, burada yeni bir fikir yoxdur: “907-ci düzəlişin müəllifləri ABŞ Dövlət Departamentində rəhbərliyə gəldikdən sonra Azərbaycana qarşı təzyiqlər siyasətinin şahidi oluruq. Ona görə də Azərbaycanla bağlı belə hesabatlar hazırlanır. Hesab edirəm ki, hesabatın ərsəyə gəlməsində Azərbaycana qarşı qərəzli mövqe daşıyan insanların proseslərdə iştirakı durur”.
A. Mollazadə hesab edir ki, bir il sonra ABŞ-Azərbaycan münasibətlərində müsbət irəliləyişlərin şahidi olacağıq.

Politoloq Elman Nəsirovun fikrincə, bu hesabat təsdiq edir ki, ABŞ ayrı-ayrı dövlətlərə müxtəlif məsələlərə münasibətdə arbitr, hakim kimi davranmaq istəyir: “Bu addımın özü anti-demokratikdir. Heç bir dövlətin başqa bir dövlətə münasibətdə amiranə davranışına beynəlxalq hüquq icazə vermir. Təəssüf ki, ABŞ dünyada özünü beynəlxalq hüququn keşiyində dayanan, söz və mətbuat azadlığının, insan hüquqlarının bayraqdarı, himayədarı kimi təqdim etməyə çalışsa da özündə baş verən insan hüquq pozmaları təsdiq edir ki, ABŞ bu sahədə çox ciddi problemlərlə üz-üzədir. Ona görə də ABŞ-ın ayrı-ayrı dövlətlərə qarşı amiranə danışmağa, ittiham etməyə mənəvi haqqı yoxdur və beynəlxalq hüquq buna icazə vermir. Hesab edirəm ki, Azərbaycana münasibətdə ABŞ Dövlət Departamentinin bu hesabatı kifayət qədər qərəzlidir, subyektivdir və əsassız mənbələr əsasında hazırlanıb və ölkəmizə qarşı təzyiq elementlərini özündə ehtiva edir”.

E. Nəsirov bildirib ki, hesabat hazırlanarkən ABŞ-ın məqsədi həqiqəti ifadə etmək yox, Azərbaycana təzyiq etmək olub: “Azərbaycanla “"İslam Dövləti" yaraqlıları arasında paralel aparılması isə ümumən qəbuledilməzdir. Əgər, ABŞ doğrudanda obyektiv həqiqəti əks etdirmək istəyirsə, nədən Ermənistanın işğalçılıq siyasəti, onun nəticələri ilə bağlı məsələlərə geniş yer vermir? Eyni zamanda nədən ABŞ öz hesabatında Ermənistanı işğalçı, təcavüzkar kimi göstərmir? Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkününə öz münasibətini bildirmir? Bunların hesabatda əksini tapmaması göstərir ki, hesabatın Azərbaycanla bağlı hissəsi məqsədyönlü şəkildə hazırlanıb”.

Politoloq hesab edir ki, Azərbaycan qarşı təzyiqlər eyni mərkəzdən idarə olunur: “Bu təzyiqlər sinxron şəkildə baş verməkdədir. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ABŞ Dövlət Departamenti, bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları I Avropa Oyunlarının keçirilmə ərəfəsində başlayaraq Azərbaycana qarşı sinxron şəkildə təzyiq yolunu seçiblər. ABŞ Dövlət Departamentinin son hesabatına da bu konteksdə qiymət vermək lazımdır. Bütün bunları gördükdən sonra belə qənaətə gəlmək olar ki, Qərb dövlətlərinin rəhbərləri sağlam düşüncədən məhrum olublar. Onlar heç cür anlamırlar ki, belə davranışları ilə özlərinin regionla bağlı milli maraqlarına zidd addımlar atırlar. Onlar belə addımlar ilə Azərbaycanın xarici siyasətində mümkün dəyişiklikləri şərtləndirmiş olurlar. Ona görə də gələcəkdə ola biləcək bütün dəyişikliklərə görə bütün məsuliyyət yalnız qarşı tərəfin üzərinə düşür”.

Milli Dirçəliş Hərəkatı partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı fikirlər iki ölkə arasındakı münasibətlərə kölgə salır: “Azərbaycan yeni dünya düzəninin qurulmasında bölgədə aparıcı dövlətdir. Azərbaycan qarşı bu münasibət qərəzlidir və hesabatı hazırlayanlar erməni lobbisinin təsiri altındadır”.

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib ki, ABŞ Dövlət Departamentinin illik hesabatı obyektiv mənbələr hesabına hazırlanmayıb.

Real vəziyyətə qiymət verən, gedən prosesləri obyektiv işıqlandıran mənbələr bu hesabatın tərtibatçılarının diqqətindən kənarda qalıb: “Bu gün Azərbaycanı insan hüquqlarının pozulmasında ittiham edilməsinin özü kökündən düzgün deyil: "Azərbaycanda insan hüquqları qanunlarla təsbit edilir. Azərbaycanda söz, mətbuat, sərbəst siyasi faəliyyət azadlığı var. Azərbaycan açıq cəmiyyətdir. Ölkədə qanunla qadağan edilən ideologiyalardan başqa, istənilən digər ideologiyanı sərbəst şəkildə tətbiq etmək mümkündür. Azərbaycanda QHT-lərin geniş şəbəkəsi fəaliyyət göstərir. Azərbaycanda hakimiyyəti açıq şəkildə tənqid etmək mümkündür. Bütün bunlardan sonra Azərbaycanı insan haqlarınmın pozulmasında ittiham etmək üçün heç bir əsas yoxdur. Bir neçə nəfərin qanunu pozan şəxslərin müdafiəsinə qalxaraq ona görə bütün cəmiyyətə və reallığa bu cür qiymət verməsinin özü ədalətsizlikdir. Yəqin ki, Dövlət Departamentinin nümayəndələri Azərbaycanda olsaydılar, tamam başqa fikrə gələrdilər".

YAP rəsmisi təəssüf edir ki, son dövlər sanki bir mərkəzdən idarə olunan kimi Azərbaycanın üzərinə insan hüquqlarının pozulması ittihamı ilə səlim yürüşü başlayıb: "Gah Avropa Parlamentində, gah Dövlət Departamentində eyni bir dəsti xətti ilə, eyni bir məsələyə toxunmağa çalışırlar. Azərbaycanda olarkən və reallıqla tanış olarkən onların bəyanatları fərqli olur. Görünür, Azərbaycanın müstəqil siyasəti, öz milli maraqlarını ciddi qəbul etməsi kimlərisə narahat edir. Belə tənqidlər heç bir zaman Azərbaycanı tutduğu demokratiya və insan haqları yolundan çəkindirə bilməyəcək".

Açar sözlər:

Oxunub: 837