Yük maşını sahiblərinin nəzərinə - CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
16:52 16 Dekabr 2017
Baş Dövlət Yol Polisi İdarəsi yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib.
İdarədən Femida.az-a verilən məlumata görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sürücülər idarə etdikləri mexaniki nəqliyyat vasitələrində daşıdıqları yükün düşməməsi, hərəkətə mane olmaması üçün hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidirlər. Bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə nəzərdə tutulur.
Həmin Məcəllənin 122.1-ci maddəsinə müvafiq olaraq qeyd olunan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsini nəzərə alaraq, DİN Baş DYP İdarəsi sürücülərin və avtonəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, yük daşıma qaydalarının pozulmasına, yəni qanunvericiliklə nəzərdə tutulmuş qabarit ölçülərindən kənara çıxan, sürücünün ətrafı görməsini məhdudlaşdıran, toz qaldıran, yolu və ətraf mühiti çirkləndirən, yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutan, habelə üstünə örtük çəkilmədən taxıl, ot, yem və tökülən digər yüklərin daşınmasına görə həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılır.
Qeyd olunanlar, eləcə də sadalanan qayda pozuntularının sürücü və DYP əməkdaşlarının iştirakı olmadan aşkarlanaraq sənədləşdirilməsi nəzərə alınaraq, bu növ fəaliyyətlə məşğul olan sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə yük daşıma qaydalara ciddi riayət edilməsi tövsiyə olunur.
Femida.az
Oxunub: 800
Oxşar xəbərlər
- Yük maşını 70 yaşlı qadının üstündən keçib
- Yük maşınının təkəri partladı, sürücü yaralandı
- Yük avtomobili yanıb
- Yük maşını aşıb, sürücü xəsarət alıb
- Yük maşını kanala düşdü
- Yük maşını qatarla toqquşdu - Sürücü xəsarət aldı
- Yük maşını 16 baş inəyin üstündən keçdi
- Yük maşını `Mercedes`lə toqquşdu - ölən var
- Yük maşınının altında can verən azyaşlının kimliyi bilindi
- Yük qatarı sərxoş kişini vurdu