Gömrükdən rüsumsuz nə qədər mal keçirmək olar?


17:49     23 İyun 2018 2018/03/gomruk_2837576_1520941294.jpg

"Sınıq Körpü" dövlət sərhəd buraxılış məntəqəsində ən çox qayda pozuntusu ərzaq limitinin aşılması ilə bağlı olur".

Bunu Femida.az-a açıqlamasında "Sınıq Körpü" Gömrük postunun rəsmisi Eldar Əhmədov deyib. O bildirib ki, vətəndaşlar hər ay maksimum 30 kq qarışıq mallar olmaq şərtilə yalnız bir dəfə qida və ərzaq məhsulları gətirə bilər.

"Spirtli içkiyə qoyulan limit 3 litr, tütün məhsullarına qoyulan limit isə 600 ədəddir (3 blok).

Adətən sərhəd rayonlarında yaşayan vətəndaşlar ərzaq limitini pozmağa cəhd edir. Onlar normadan artıq qida məhsulları, yaxud içki gətirməyə çalışırlar. Gün ərzində təxminən orta hesabla 8 min vətəndaş gömrükdən keçir ki, bunun da 4 mindən çoxu ölkəyə gələnlər olur. Onların təxminən 500-600 nəfəri normadan artıq ərzaq gətirməklə qayda pozuntusu edir.

Çalışırıq ki, az-az hallarda gələn və turizm məqsədilə sərhədi keçən vətəndaşlara güzəşt edək. Amma kommersiya məqsədilə tez-tez gömrüyü keçən vətəndaşları daha ciddi şəkildə yoxlayırıq".

DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin böyük inspektoru Rövşən Namazov Femida.az-açıqlamasında bildirib ki, Mərkəzi Bankın qərarına əsasən, bir şəxs üzərində 10 min dollar ekvivalentinə qədər nəğd pulu gömrük sərhədindən çıxara bilər:

"Bu normanı aşan vətəndaşlar qanunvericiliyin tələblərinə uyğun olaraq, artıq məbləği ya geri qaytarmalı, ya da bank vasitəsilə köçürməlidir".

Keçid məntəqələrində adətən qadınlar qızıl zinət əşyalarını boyunlarına, qollarına taxaraq öz əşyası imiş kimi gömrükdən keçirməyə çalışır. R.Namazov Nazirlər Kabinetinin bununla bağlı qərarı olduğunu bildirib (14 oktyabr, 2013):

"Hər bir vətəndaş hər təqvim ayı ərzində 1 dəfə 20 qram qızıl, 0.5 karat almazı güzəştli qaydada gömrük sərhədindən keçirə bilər. Bu miqdara qədər vətəndaş rüsumlardan azaddır. Bundan artıq miqdardakı zinət əşyalarına görə müvafiəq rüsum ödənilməlidir".

Qeyd edək ki, Azərbaycan vətəndaşları ümumi gömrük dəyəri 1500 dollar ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 dollar ekvivalenti məbləğindən) artıq olmayan malları keçirilmə tezliyi nəzərə alınmaqla ölkəyə gətirə bilərlər.

Amin Nəzərli
Femida.az

Açar sözlər: Gömrük   Sərhəd  

Oxunub: 9358