Dini Komitədən Gəncədəki aksiya ilə bağlı açıqlama


23:16     23 Oktyabr 2015 dini-qurumlar-liderxeber-640%20(1).jpg

“Bir qrup dindar neçə müddətdir, burada qarışıqlıq, insident yaratmaq istəyir”.


Bunu APA-ya açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev bu gün Gəncədə bir qrup dindarın icazəsiz aksiya keçirmək istəməsinə və polislə yaranan qarşıdurmaya aydınlıq gətirərkən deyib.

A. Əliyev qeyd edib ki, bu gün səhər saat 10:30 radələrində Aşura günü ilə əlaqədar 100-dək dindar Gəncə şəhər Şah Abbas Cümə məscidinin qarşısında toplaşaraq oradan İmamzadə ziyarətgahına yürüş etməyə cəhd ediblər: “Şəhər İcra Hakimiyyəti tərəfindən onlara nəqliyyatın ayrılması təklif olunmuşdu. Amma onlar polisin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, qanunsuz şəkildə şəhərdə ictimai asayişi pozaraq, nəqliyyatın hərəkətini iflic edərək piyada yürüş etməyə cəhd ediblər. Məqsədləri də şəhərdə qarışıqlıq, insident yaratmaq olub. Polis bunun qarşısını almaq istəyəndə polisə müqavimət göstərib, sərt reaksiya veriblər. Polis də lazımı tədbir görüb”.

Komitə rəsmisi deyib ki, həmin dindarlara İmamzadə məscid kompleksinə getmək üçün aidiyyəti qurumlar tərəfindən dəfələrlə nəqliyyat vasitəsi, sakit formada getmək təklif olunub: “Amma onlar burada insident yaratmaq məqsədi ilə buna məhəl qoymayıblar və bu günkü hadisəyə səbəb olublar”.

A. Əliyev deyib ki, Gəncədə dindarlara burada yüksək şərait yaradılıb: "Hər kəsin ibadət etməsi üçün heç bir maneə, problem yoxdur".

Şöbə müdiri qeyd edib ki, sabah Gəncədə əvvəlcədən təyin olunan bütün məscidlərdə, o cümlədən İmamzadə ziyarətgah kompleksində də Aşura mərasimi qeyd olunacaq.

Açar sözlər:

Oxunub: 1091