Dini lağa qoymaq cinayətdirmi?


19:45     06 Oktyabr 2017 semavi-dinler.jpg


Son dövrlər cəmiyyətimizdə bəzi dindar kəsimlərin əks mövqedə dayanan şəxsləri təhqir etməsi halları ilə tez-tez qarşılaşırıq. Lakin elə dindarlar da var ki, qarşı tərəfdən təhqir olunduqları qənaətindədirlər. Onlar öz fikirlərini bu cür əsaslandırırlar ki, bəzi ateist, deist və dinə inanmayan digər qruplar dini ayinləri mif kimi təqdim edərək İslamı məsxərə obyektinə çevirirlər. Bu isə dindarların düşüncəsinə görə, təhqirdir.

Bəs, görəsən bəzi dini ayinləri mif kimi qəbul edib gülüş hədəfinə çevirmək qanunvericiliklə təhqir hesab oluna bilərmi?

Hüquq professoru Fərhad Mehdiyev hesab edir ki, bu cür hallar qətiyyən hüquq pozuntusu sayıla bilməz:

“Ümumiyyətlə dini dəyərlərə satirik yanaşma sərgiləmək qadağan deyil. Tutaq ki, insan Günəşin varlığını inkar edir. Təbii ki, bu fikrinə görə o, məsuliyyətə cəlb oluna bilməz. Demokratik rejimlərdə əsas olan fikir püluralizmidir. Avropada bütün dinlər və dini şəxslər haqqında satirik karikaturalar çəkilir. Bütün bunlar avropalı üçün normaldır. Dövlət üçün qəbul olunmuş ölçü budur ki, satirik ifadələr ictimai qaydanı pozmamalıdır. Yəni din haqqında elə fikirlər səslənə bilər ki, əhali ayağa qaldıraraq iğtişaşa səbəb olsun. Dövlətin səlahiyyəti var ki, bu cür satirik yazıları qadağan etsin. Tolerant cəmiyyətlərdə isə satiranın sərhəddi olmur. Əsas qayda budur ki, satira yolveriləndir. Təbii ki, ictimai qaydanın pozulmaması şərtilə. Dindarlar üçün onların inandıqları dinin gülüş obyektinə çevrilməsi təhqirdir. Lakin həmin dindar təhqir olunduğunu əsas gətirərək mülki qaydada məhkəmədə iddia qaldırsa, onun qalib gəlmək şansı demək olar ki, yoxdur. Bir sözlə, burada hüquq pozuntusundan söhbət gedə bilməz”.

Hüquqşünas Ruslan Vəliyev bildirdi ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox hallarda din əleyhinə səslənən fikirləri təhqir hesab edib:

“Hüquqda təhqir dedikdə şəxsi nüfuzdan salan, onu rüsvay edən, şərəf və ləyaqətini alçaldan və işgüzar nüfuzuna xələl gətirən məlumatların yayılması nəzərdə tutulur. Bir sözlə, təhqir şəxslə bağlıdır. Azərbaycan Konstitusiyasında şəxsin vicdan azadlığı öz təsbitini tapıb. Şəxs də onun ibadət etdiyi dinin ünvanına hansısa təhqiramiz ifadələrin səslənməsini özünün vicdan azadlığına müdaxilə kimi qəbul edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin də bu məsələ ilə bağlı bir çox qərarları var ki, dinlə bağlı bəzi fikirlər şəxsin təhqir olunması kimi qəbul edilib. Hər bir halda hansısa fikrin təhqir olduğunu yalnız məhkəmə müəyyən edə bilər. Məhkəmə linqvistik ekspertiza tətbiq edir. Bütün sözlər təhlil edildikdən sonra fikirlərin təhqir olub-olmadığına dair rəy verilir. Buna görə də hər şey hüquqi müstəvidə öz həllini tapmalıdır”.

Hüquqşünas Nicat Gözəlov hesab edir ki, təhqir bir nəfərə qarşı da yönələ bilər, ümumi kütləyə də. Onun fikrincə, din əleyhinə səslənən elə fikirlər var ki, təhqir hesab oluna bilər:

“Əgər karikatura ayinlərdə nəzərdə tutulmayan məsələlərlə bağlıdırsa, burada təhqir elementi yoxdur. Bunlar əsasən ayinlərin icrası zamanı müşahidə olunan zorakılıq halları ilə bağlıdır. Lakin bütövlükdə ayinlərin məsxərə obyektinə çevrilməsi təhqir hesab olunmalıdır”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2468