Şimali Koreyadan amerikalı tələbəyə - 15 il həbs


21:02     16 Mart 2016 160316093232_otto_624x351_reuters.jpg

Şimali Koreyada ABŞ vətəndaşı 15 il müddətinə islah işlərinə cəlb edilib.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, Otto Fridrix Uarmbier adlı gəncin Birləşmiş Ştatların yardımı ilə Şimali Koreyaya qarşı düşmən xarakterli əməl törətməkdə ittiham olunub. Yerli mətbuatın verdiyi məlumata görə o, Pxenyandakı otelində siyasi yazısı olan bir banneri oğurlamaq istədiyini etiraf edib.

Otto Uarmbier jurnalistlərə bildirib ki, o, elanı oteldə sadəcə işçilərin girişinə icazə verilən yerdən çıxarıb. O, bu elanı kilsəsinin bir üzvünə “mükafat” olaraq vermək istəyib. Uarmbier kilsə üzvünün bunun müqabilində ona 10 min dollar dəyərində maşın təklif etiyini deyib.

Sonda Ali Məhkəmə 21 yaşlı amerikalı tələbənin islah işlərinə cəlb edilməsi barədə qətnamə çıxarıb.

O cəzasını 15 il müddətinə ciddi rejimli islah koloniyasında çəkəcək.

Qeyd edək ki, Şimali Koreya tez-tez amerikalılar və digər xarici vətəndaşları qondarma ittihamlarla həbs edir. Həbs olunanlar xarici jurnalistlər önünə çıxardılaraq cinayət əməlləri etdiklərini etiraf edirlər. Onların bu bəyanatlarının məcburi şəkildə yazdırıldığı güman edilir, çünki azadlığa buraxılandan sonra məhbuslar çox vaxt etiraflarını rədd edir.

Təhlilçilər deyir ki, Pxenyan məhbuslardan Qərblə bazarlıq aləti kimi istifadə edir.





Vüsal Abbaszadə
Femida.az

Açar sözlər:

Oxunub: 1224