İranda prezidentliyə namizədlərin teledebatı keçirilib


19:44     06 May 2017 img-20170506-wa0003.jpg

İranda prezidentliyə namizədlər xarici siyasətdə prioritet sahə kimi qonşu ölkələrlə əlaqələrin inkişafını qeyd ediblər.


Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hazırkı prezident Həsən Ruhani və onun birinci müavini İshaq Cahangiri seçki marafonunda İnqilabçı Qüvvələrin Xalq Cəbhəsi cinahından olan əsas rəqibləri İbrahim Rəisi və Məhəmməd Baqir Qalibafla rəqabət aparırlar.

Hazırkı prezident və vitse-prezident bildiriblər ki, xarici siyasətin əsas prioriteti İranda və bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsi, iqtisadi gücün artırılmasıdır. Onlar İranın nüvə məsələsinin həllində göstərdiyi səyləri, Suriya böhranında Türkiyə və Rusiya ilə birlikdə sərgilədiyi rolu nümunə göstərərək hazırkı xarici siyasətin uğurlu olduğunu vurğulayıblar.

H. Ruhani qonşu ölkələr, xüsusilə müsəlman dövlətləri ilə əlaqələrin inkişafına önəm verdiyini söyləyib. O, İranın beynəlxalq arenada hüquqlarının bərpası üçün səylərini xatırladaraq deyib ki, müzakirə masası və diplomatiyanın gücündən istifadə etmək çox önəmlidir.

İ. Rəisi isə İranın bugünkü prioritetinin iqtisadi məsələlər olduğunu bildirib. O, İraqla mövcud əlaqələrə toxunub və İranın bu ölkə bazarındakı payının az olmasını tənqid edib: “Bu gün Türkiyənin İraqla ticarət əlaqələrinin həcmi nə qədərdir? Bəs, bizim İraqla ticari mübadilə payımız nə qədərdir?..”

M. Qalibaf da H. Ruhani hökumətini tənqid edib. O, İranın idxalının çox olduğuna diqqət çəkərək bəyan edib ki, ölkə əsas gücünü idxalata deyil, ixracata yönəltməlidir.

Teledebat zamanı namizədlərin hamısı öz xarici siyasət proqramlarını açıqlayarkən İranın nüvə proqramına dair imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planını yerinə yetirəcəklərini bəyan ediblər.

Qeyd edək ki, İranda təşviqat kampaniyasının vaxtının bitməsinə 12 gün qalıb. Kampaniya mayın 18-də, seçkilərə 24 saat qalmış tamamlanacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 700