Ombudsman aparatından qəfil YOXLAMA


15:39     20 Oktyabr 2017 ombudsman48.jpg

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçiriblər.


Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanılma şəraitinin və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraitinin araşdırılması məqsədilə müəssisənin yataqxanalarına, cərimə təcridxanasına, yeməkxana, ərzaq anbarı, mətbəx və digər obyektlərinə baxışlar keçirilib, tibbi yardımın təşkili, yemək-qidalanma təminatı və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə öyrənilib.

MPQ üzvləri həmin müəssisədə məhkumlar, o cümlədən Bayram Məmmədov, İlkin Rüstəmzadə, Elgiz Qəhrəmanı da konfidensial qaydada dinləyib, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlərini yerində araşdırıb, cavablandırıblar. Adı çəkilən şəxslərin yeməkdən imtina etmədikləri, normal qaydada qidalandıqları məlum olub, B. Məmmədovun yataq yerinin dəyişməsi ilə bağlı Ombudsmana ünvanlanmış ərizəsi qəbul edilib.

Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub, bir sıra müraciətlər yerində təmin olunub.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla həyata keçirilən işlər çərçivəsində məhkumların saxlanma şəraiti və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə əlaqədar Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 916