Piyadanı traktorla vurub qaçan sürücü saxlanıldı - YENİLƏNİB


19:16     01 Noyabr 2017 traktor%20meyit.jpg

Baş Prokurorluq Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a daxil olan məlumatda bildirilib ki, oktyabrın 31-də saat 19 radələrində Biləsuvar rayonu 10 saylı qəsəbə ərazisində naməlum sürücünün idarə etdiyi traktor hərəkətdə olarkən piyada - 1983-cü il təvəllüdlü Yunusov Zaur Vəli oğlunu vuraraq hadisə yerindən qaçıb, piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Fakta görə Cəbrayıl rayon Polis Şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1953-cü il təvəllüdlü, Biləsuvar rayon sakini Rzaquliyev Rzaqulu Bəyiş oğlu tərəfindən onun idarə etdiyi “Belarus” markalı traktorla törədilməsi müəyyən edilib.

R.Rzaquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

***


Cəbrayıl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Femida.az Lent.az-a istinadən xəbər verir ki, Biləsuvar rayonu ərazisində salınmış və Cəbrayıl rayonunun tabeliyinə verilmiş məcburi köçkün qəsəbəsində 34 yaşlı kişi ehtiyatsızlıqdan traktorun altında qalıb. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1582