“On minlərlə hərbçi cəbhədə toplanıb” - POLİTOLOQ


14:56     08 Sentyabr 2015 elxan_shahinoqlu_1.jpg

“Hazırda cəbhə bölgəsində vəziyyətin gərginləşməsindən narahat olmayan tərəf yoxdur. Əvvəlcə ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceyms Uorlik dedi ki, sülh sazişi imzalanmayanadək tərəflər müharibəyə başlamayacaqlarına dair öhdəlik götürməlidirlər. Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gələrək azərbaycanlı rəsmilərlə intensiv danışıqlar apardı”.


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu son günlər cəbhədə baş verənləri şərh edərkən bunları söylədi. Ekspertə görə, hazırda Moskva da müharibənin əleyhinədir: “Çünki Kreml qorxur ki, bu müharibə onu çətin seçim qarşısında qoyacaq, Qərb və Türkiyə ilə münasibətlərdə əlavə gərginlik yaranacaq, həm də müharibənin Şimali Qafqaza sıçramasından ehtiyat edir. Bir neçə gün öncə isə bölgəyə ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik gəldi. O da tərəflərlə görüşür, vəziyyəti sabit məcrasına qaytarmağa çalışır. Bütün bu səylərə baxmayaraq, cəbhə bölgəsindəki vəziyyət gərgin olaraq qalır. Proses elə bir təhlükəli nöqtəyə gəlib çatıb ki, lokal toqquşmaların qarşısını almaq getdikcə çətinləşir”.

E.Şahinoğlu həm Azərbaycan, həm də Ermənistanın bu gərgin vəziyyətdə hərbi təlimlərə start verməsini də təsadüf saymır: “On minlərlə hərbçi, yüzlərlə təyyarə və hərbi texnika sərhəddə toplanıb. Vəziyyət elə bir nöqtəyə gəlib çatıb ki, hərbi təlimlər zamanı tərəflərdən birinin əsəbləri dözməsə və ağır artilleriya işə salınsa, müharibənin başlaması ehtimalı artacaq. Yəni mürəkkəb vəziyyətdir”.

Ekspert xatırlatdı ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı torpaqları qeyd-şərtsiz boşaltmaq istəmir, Azərbaycan isə bu durumla barışmır. Vasitəçilərin “atəşkəsə riayət edin” çağırışı isə o deməkdir ki, işğal davam etsin. Çünki bundan sonra vasitəçilərin faydalı işi görünmür.

E.Şahinoğlu İrəvanın Azərbaycanla sərhəddəki bir qisim vətəndaşını evakuasiya etməsini də şərh etdi: “Görünür Ermənistan Azərbaycanı həmin boşaldılan istiqamətlərdən vurmaq istəyir ki, cavab atəşi ilə itkisi az olsun. Bütün bu təxribatların külliyatı müharibə ehtimalını artıran amillərdəndir. 1990-cı illərin müharibəsindən fərqli olaraq yeni müharibə lokal deyil regional xarakter daşıyacaq. Müharibədə Azərbaycan və Ermənistandan başqa bu və ya digər şəkildə Rusiya, ABŞ, Türkiyə, Gürcüstan, Pakistan, İran, Səudiyyə Ərəbistanı kimi ölkələr də rol alacaq, ciddi maraq toqquşmaları qeydə alınacaq. Keçmiş müharibə zamanı tərəflər sovet texnikasından istifadə edirdi. Bu illərdə tərəflər modern silahlar əldə ediblər. Biz pulla almışıq, Ermənistana isə Rusiya peşkəş edib”.(Yeni Musavat)

Açar sözlər:

Oxunub: 2745