Bakıda Holokost qurbanlarının xatirəsi yad edilib


14:05     28 Yanvar 2016 holokost%201.jpg

Yanvarın 27-də Bakıda Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar mərasim keçirilib.Mərasimdə Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadi Zelmanoviç Azərbaycan və yəhudi xalqlarının oxşar taleyindən söhbət açıb, hər iki xalqın etnik mənsubiyyətinə görə soyqırımına məruz qaldığını bildirib. O, təəssüflə qeyd edib ki, dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinə hələ də layiqli qiymət verməyib. Ancaq tarix göstərir ki, şər qüvvələr nə vaxtsa mütləq öz cəzalarını alırlar.


Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev altı milyon günahsız insanın ancaq dini və milli mənsubiyyətinə görə qətlə yetirilməsinin dəhşətli hadisə olduğunu söyləyib. Dövlət müşaviri deyib: “Keçən əsrin 40-cı illərinin sonunda Holokostun nəticəsində hərbi düşərgədən azad edilmiş biçarə, ümidsiz yəhudiləri gözümüzün önünə gətirək. Bu hadisələr hər zaman insanları çox təsirləndirəcək. Biz yəhudi xalqının, Azərbaycan yəhudilərinin və həmvətənlərimizin dərdini, qəmini dərindən anlayırıq. Əlbəttə ki, faciənin əhatə dairəsi böyük və ya kiçik olmur. Belə bir faciə Azərbaycan xalqının başına XX əsrin sonlarında gətirilib. Eyni şəkildə günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə Xocalıda qəddar insanlar tərəfindən qətlə yetirildilər.

Los-Ancelesdə yerləşən Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuper bu günlərdə Azərbaycana səfər etmişdi. O belə bir ifadə işlətdi: Bu insanları əllərində silah olduğuna görə öldürməyiblər. Onları hansısa qanunu pozduqlarına görə də öldürməyiblər. Onları düşünülmüş şəkildə, məhz yəhudi olduqlarına görə qətlə yetiriblər. Dünyanın ağıllı, ləyaqətli insanları eyni analogiyanı Holokost və Xocalı faciələri arasında apara bilərlər. Biz Xocalı faciəsini xatırlayarkən yəhudi həmvətənlərimizi həmişə öz yanımızda hiss etmişik. Eyni şəkildə biz də Holokostu xatırlayanda yəhudi həmvətənlərimizlə bir yerdəyik. İnsanların müasir dünyada söz, azadlıq hüquqları var. Bu hüquqlardan biri də xatırlamaq hüququdur. Holokostu və Xocalını unutmayaq!”.

İsrailin Azərbaycandakı səfiri Dan Stav da Holokost faciəsi haqqında söhbət açıb. O, tolerant birgəyaşayışın alternativinin olmadığını deyib. Bildirib ki, irqçiliyə görə törədilən belə cinayətlər təkcə bir xalq üçün deyil, bütün bəşəriyyət üçün təhlükədir. Bu təhlükəni bir daha yaşamamaq, bundan yayınmaq üçün keçmişi unutmamaq və gələcəyimizi bu keçmişə nəzərən qurmaq lazımdır.
Daha sonra tədbirdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad, pravoslav, katolik kilsələrinin və yəhudi sinaqoqunun Azərbaycandakı nümayəndələri Holokost qurbanlarının xatirəsinə ehtiram olaraq şam yandırıblar.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdson BMT-nin Baş katibi Pan Gi Munun Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar müraciətinin mətnini oxuyub.

Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 737