İran səfirindən deputatların etirazına münasibət


21:56     15 İyun 2016 370803_463163.jpg

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ötən gün ölkəsi barədə Milli Məclisdə bəzi deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib.


Femida.az xəbər verir ki, səfir səslənən fikirlərin dost və qardaş olan iki ölkə arasında əlaqələrin inkişafına yardım etmədiyini bildirib.

O, Tehran və Bakı arasında mövcud olan bu günkü müsbət əlaqələrin heç bir zaman mövcud olmadığına diqqət çəkərək bildirdi: “Ermənistan Xarici İşlər Nazirinin Tehrana səfəri İran İslam Respublikasının qonşu dövlətlərlə siyasi əlaqələrin tənzimlənməsi çərçivəsində həyata keçmişdir və bu səfər heç bir ölkənin əleyhinə olmayıb”.

Möhsün Pakayin bəzi media qurumların prezident Həsən Ruhaninin yaxın zamanlarda İrəvana səfəri ilə bağlı yaydığı xəbərlərin əslində güman əsasında olduğunu vurğulayaraq söylədi: “İran İslam Respublikasının Prezidentinin səfər proqramı və həmin səfərlərin dəqiq tarixi milli mənafe çərçivəsində həyata keçir. Təbii ki, hər səfərdən öncə bununla bağlı İİR Prezident Administrasiyası tərəfindən lazım olan məlumatlar verilir”.

Səfir iki ölkə arasında münasibətlərin genişlənmə şərtinin ölkə rəhbərlərinin siyasi iradəsindən asılı olduğunu diqqət mərkəzinə çəkərək söylədi: “Son 3 il ərzində İran və Azərbaycan prezidentlərinin 6 dəfə görüşməsi iki ölkə rəhbərlərinin ölkələr arasında münasibətlərin inkişafı üçün siyasi iradəyə malik olduğunu göstərir. İki ölkə prezidentinin bu müddət ərzində bir-biri ilə bu qədər görüşməsi və iki ölkə arasında imzalanmış sənədlər İranın qonşu dövlətləri arasında bənzərsizdir”.

Möhsün Pakayin Tehran və Bakı arasında mövcud olan münasibətlərin bu tərzdə müsbətə doğru inkişafının səbəbini Həsən Ruhani dövlətinin qonşu dövlətlərlə münasibətin inkişafı və xarici siyasətdə ədalət prinsipinə xüsusi təkid göstərməsi nəticəsində baş verdiyini vurğulayaraq dedi.

“Bu siyasətin icrasında iki tərəf iqtisad, ticarət, tranzit, əkinçilik, sənaye, turizm və enerji sahələrində yaxşı uğurlar əldə etmişlər. İki ölkənin Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsi ilə bağlı əldə etdikləri razılıq bu uğurun simvolu sayılır. İki ölkə arasında qarşılıqlı olaraq viza rejiminin aradan qaldırılması da turizm sahəsinin genişlənməsi və iqtisadi mübadilələrin həcminin artması üçün qarşılıqlı mənafeə xidmət göstərəcək və hər iki ölkə bu əməkdaşlıqların faydalarından bəhrələnə biləcəklər”.

Səfir iki tərəfli və çoxtərəfli münasibətlərin genişlənməsinin zəruri olduğunu söyləyərək dedi: “Gələcəkdə də İranın yüksək səviyyəli dövlət məmurlarının Bakıya səfəri və xüsusilə də Bakıda keçiriləcək iclasda İran, Rusiya və Azərbaycan Prezidentlərinin görüşünün şahidi olacağıq”.

İran səfiri deyib ki, iki ölkənin rəhbərləri özlərini ölkələrimiz arasında mövcud olan münasibətləri bədxahlardan qorumağa borclu bilirlər.

Ötən gün Milli Məclisin bəzi deptutları Ermənistan və İran arasında yaxınlaşmanı, Ermənistan Xarici İşlər Nazirinin Tehrana səfərini və İran prezidentinin İrəvana planlaşdırılan səfərini tənqid etmişdilər.

Ötən gün Milli Məclisin növbədənkənar iclasında İranın Ermənistanla son vaxtlar yaxından əməkdaşlıq etməsi və Həsən Ruhaninin İrəvana səfər etməyə hazırlaşmasını deputatlar tərəfindən birmənalı qarşılanmayıb. Milli Məclisin spikeri Oqtay Əsədov İranın müstəqil dövlət olduğunu vurğulayıb: “İran necə siyasət aparacaqsa, Azərbaycan tərəfdən də elə adekvat cavab alacaq”. (anspress)

Femida.az

Açar sözlər:

Oxunub: 1444