Bakıda Dünya Tibbi Hüquq Konqresi keçirilir


16:17     11 İyul 2017 Baki%20(2)_50QCENAT.jpg

Bakıda 23-cü Dünya Tibbi Hüquq Konqresinin (DTHK) açılış mərasimi keçirilib.


Femida.az -ın xəbərinə görə, DTHA-nın təsisçilərindən biri və hazırkı prezidenti, professor Tomas Noquçi bildirib ki, assosiasiya 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən yaradılıb. O qeyd edib ki, DTHA UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Cinayət Məhkəməsi və bir çox milli peşəkar assosiasiyalar ilə əməkdaşlıq edir.

DTHA-nın qərargahının ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşdiyini xatırladan T. Noquçi əlavə edib ki, konqres çərçivəsində assosiasiyanın icra komitəsinin və idarə heyətinin iclaslarının keçirilməsinin nəzərdə tutulub.

Toplantıda tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın “WAML 50th GOLDEN ANNIVERSARY AWARD” mükafatı və DTHA-nın Fəxri diplomu ilə təltif edildiyi elan olunub. Mükafatı və Fəxri diplomu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev qəbul edib. Mükafata görə minnətdarlıq ifadə edən O. Şirəliyev deyib ki, M. Əliyevanın öz xalqı, dövləti qarşısında xidmətləri böyükdür: “İndiyədək Mehriban Əliyevaya təqdim edilən bütün mükafatlar onun nəcib missiyasına verilən layiqli qiymətdir”.

Nazir tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib.

Konqres zamanı İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin akademikləri, professorları, digər ölkələrin aparıcı universitetlərinin professor-müəllim heyəti 130-dan çox şifahi məruzə və 100-ə yaxın poster təqdimatı edəcəklər. Konqresin elmi proqramına 275 tezis daxil olunub və iştirak üçün dünyanın 50 ölkəsindən 320-dən çox qonağın qatılması təsdiqlənib. 23-cü DTHK ayrıca elm sahəsi üzrə Bakıda Dünya Konqresi səviyyəsində keçirilən ilk beynəlxalq elmi tədbirdir.

Konqresin əsas mövzusu “Tibbi Hüquq, Bioetika və Multikulturalizm”dir. Əsas mövzunun 4 alt-mövzusu da var. Bunlara Tibbi hüquq və bioetika sahəsində təhsil, Bioetika, din və multikulturalizm, Ətraf mühit və tibbi hüquq və XXI əsrdə tibbi hüququn və məhkəmə təbabətinin perspektivləri daxildir. Bakı konqresi DTHA-nın 50 illik yubiley konqresidir. Yarım əsrlik tarixində bu təşkilat postsovet məkanında ilk dəfədir konqres keçirir.

Femida.az

Açar sözlər:

Oxunub: 844