Bakı Ali Neft Məktəbinin yaranmasından 6 il ötür


17:08     29 Noyabr 2017 baki%20ali%20neft%20mektebi.JPG

Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasından 6 il ötür.


BANM mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 2011-ci ilin noyabrın 29-da Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən ölkəmizdə yeni, lakin tam fərqli ali təhsil ocağı yaradılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində yaradılması nəzərdə tutulan bu ali məktəbin əsas vəzifəsi Azərbaycanın neft kapitalının insan kapitalına çevrilməsidir. Artıq bu il Bakı Ali Neft Məktəbi (BANM) öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini ilk məzunları ilə sübut edib.

2017-ci il ali məktəbin tarixində daha yaddaqalan olub. Belə ki, may ayının 1-də Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusu prezident İlham Əliyev tərəfindən açılıb. Prezident açılış zamanı ali məktəbin fəaliyyətini yüksək qiymətləndirib: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışını qeyd edirik. Bu şəhərcik ən yüksək standartlara cavab verir. Bakı Ali Neft Məktəbi artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Bu illər ərzində Ali Məktəb Azərbaycanın təhsil məkanında artıq öz layiqli yerini tuta bilib. Bu gün Ali Məktəb yeni şəhərciyə, yeni binaya köçür. Burada oxumaq, biliklərə yiyələnmək üçün bütün şərait yaradılıb, ən müasir texnologiyalar tətbiq olunur. Bütün binalar çox gözəl, zövqlə tikilib, burada ən müasir laboratoriyalar fəaliyyət göstərir və bu gün mənə təqdimat da edildi. Burada təhsilin səviyyəsi ən yüksək standartlara cavab verəcək”.

Yeni kampusda ən müasir texnologiyalar və zəngin maddi-texniki bazaya malik olan laboratoriyalar artıq istifadəyə verilib. “Schneider Electric”, “ABB”, “Avandsis Group”, “Emerson process management” kimi şirkətlər özlərinin qiymətsiz laboratoriyalarını BANM-in yeni kampusuna hədiyyə ediblər.

2012-ci il fevral ayının 9-da Bakı Ali Neft Məktəbinin nizamnaməsi Azərbaycan Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Elə həmin il Böyük Britaniyanın Edinburq şəhərində Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universteti arasında mütəxəssis hazırlığına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 2012-ci ilin aprel ayının 10-da Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Elmar Qasımov Bakı Ali Neft Məktəbinin rektoru vəzifəsinə təyin edilib. May ayında isə rektor E. Qasımov ilə Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru professor Stiv Çapman birgə mütəxəssis hazırlığının təşkilinin əsas prinsiplərini özündə əks etdirən müqavilə imzalayıblar.

Qeyd edək ki, Ali Məktəbdə 2012/2013-cü tədris ilindən “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, 2013/2014-cü tədris ilindən isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. BANM həmçinin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə magistr hazırlayır. Növbəti ildə isə MBA proqramı və bakalavr pilləsi üzrə “İnformasiya Təhlükəsizliyi” ixtisasının tədrisi nəzərdə tutulur.

Bakı Ali Neft Məktəbində təhsil müddəti 5 ildir, tələbələrə birinci il ərzində intensiv şəkildə ingilis dili, informasiya-kommunikasiya texnologiyalarının mühəndislikdə tətbiqi tədris edilir, sonrakı 4 ildə isə onlar ingilis dilində müvafiq ixtisas təhsili alırlar.

2017-ci il iyul ayının 14-də isə Bakı Ali Neft Məktəbində “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə məzunların ilk buraxılışı olub. Bu il Bakı Ali Neft Məktəbindən 102 nəfər məzun olub. Məzunlar həm BANM-in, həm də Heriot Vatt Universitetinin diplomlarını alıblar. Bu gün BANM-in həmin məzunları BP, Schlumberger, Halliburton, Maire Tecnimont (Kinetics Technology S.p.A), ALCO Lubricants Group, Türkiyə Star və Petkim, SOCAR Baş ofis, Azneft İB, SOCAR Polymer, BNEZ, SOCAR Ümid MMC, Azərikimya kimi şirkətlərdə çalışırlar.

BANM beynəlxalq ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO14001 (Ekologiya idarəetmə sistemi), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) və ISO 10002 (Müştəri məmnuniyyəti – şikayətlərin idarəedilməsi üzrə rəhbər göstərişlər) sertifikatlarını alıb.

Son 6 il ərzində keçirilmiş qəbul kampaniyalarının nəticələrinə görə Bakı Ali Neft Məktəbinə qəbulda ümumi orta bal 663 olub. Bu göstəricilərə görə Bakı Ali Neft Məktəbi respublika birincisidir. Ali Məktəbin bu 6 ili ərzində 101 nəfər Prezident təqaüdçüsü olub. Bu il Dövlət İmtahan Mərkəzi tərəfindən I qrup üzrə keçirilən imtahanların nəticələrinə əsasən 25 nəfər Prezident təqaüdünə layiq görülüb ki, onların 24-ü BANM-də təhsilə üstünlük verib. Eyni zamanda I qrup üzrə 7 nəfər yüksək nəticə göstərərək 700 bal toplayıb ki, onların hamısının seçimi məhz BANM olub.

Femida.az

Açar sözlər:

Oxunub: 974